Bruno Fernandes PFA tərəfindən ilin ən yaxşı futbolçusu seçildi

“Mançester Yunayted”in kapitanı Bruno Fernandes İngiltərədə Peşəkar Futbolçular Assosiasiyasının (PFA) versiyasına görə ilin ən yaxşısı seçilib.

Arena.az bu barədə qurumun mətbuat xidmətinə istinadən xəbər verir.

Portuqaliyalı yarımmüdafiəçi ötən mövsüm “Mançester Yunayted”in heyətində olduqca məhsuldar çıxış edib. Fernandes bir mövsüm ərzində etdiyi məhsuldar ötürmələrin sayına görə Premyer Liqanın rekordunu yeniləyib. O, həmçinin 9 qol vuraraq komandasının mövsüm ərzində mühüm oyunçularından biri olub.

Fernandes “Yunayted”in baş məşqçi Maykl Kerrikin rəhbərliyi altında mövsümün gedişində nəticələrini yaxşılaşdırmasında da əsas rol oynayıb. Portuqaliyalı futbolçu may ayında İngiltərə Futbol Jurnalistləri Assosiasiyasının (FWA) da ilin ən yaxşı futbolçusu mükafatına layiq görülmüşdü.

Fernandes PFA-nın mükafatını şərh edərkən qalib gəlməsindən qürur duyduğunu bildirib:

“Əlbəttə, böyük qürur hissi keçirirəm. Mənə qarşı meydanda oynayan futbolçular səs veriblər. Rəqiblərinizin sizə səs verməsi asan deyil, buna görə də bu, möhtəşəm məqamdır”.

Qadın futbolunda isə PFA-nın ilin ən yaxşı futbolçusu mükafatını “Mançester Siti”nin hücumçusu Xədicə Şou qazanıb. Yamaykalı futbolçu ötən mövsüm 21 qol vuraraq komandasının son 10 ildə ilk dəfə İngiltərə Qadınlar Super Liqasının çempionu olmasına kömək edib.

“Mançester Siti”nin digər futbolçusu Niko O’Rayli isə ilin ən yaxşı gənc futbolçusu seçilib. 21 yaşlı müdafiəçi Liqa Kubokunun “Arsenal”a qarşı finalında iki qol vuraraq komandasının 2:0 hesablı qələbəsində əsas rol oynayıb.

Bruno Fernandes “Mançester Yunayted”ə 2020-ci ilin yanvar ayında 65 milyon avro məbləğ müqabilində Lissabon “Sportinq”indən tamhüquqlu əsasda keçib. Fernandesin İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Fernandes cari mövsümdə “qırmzı şeytanlar”ın heyətində 1 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Fernandesin “Mançester Yunayted” karyerası ümumilikdə 328 oyun, 107 qol və 108 məhsuldar ötürmədən ibarətdir.

Bruno Fernandes 2017-ci ilin noyabr ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 94 oyuna çıxıb. Təcrübəli futbolçu bu oyunlarda 29 qol vurub, 27 məhsuldar ötürmə verib.

Bruno Fernandesin peşəkar karyerasındakı əsas uğurları da məhz “Mançester Yunayted”, “Sportinq” klubları və Portuqaliya yığması ilə bağlıdır.

“Transfermarkt” internet-portalı 31 yaşlı portuqal hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: