“Fiorentina”nın mərkəz hücumçusu Moyze Ken bundan sonrakı karyerasını İtaliyanın digər klubu “Komo”da davam etdirəcək.
Arena.az xəbər verir ki, İtaliya millisinin üzvü yeni klubuna icarə əsasında keçib.
Müqavilə 2026/2027-ci illər mövsümünün sonuna, yəni 30 iyun 2027-ci ilə qədər nəzərdə tutulub. Razılaşmaya 26 yaşlı futbolçunun transfer hüquqlarının məcburi qaydada alınmasını nəzərdə tutan bənd də daxil edilib.
Bir illik icarənin dəyəri “Fiorentina” üçün 10 milyon avro təşkil edib. “Komo” gələn yay futbolçunun transferi üçün 25 milyon avro ödəməli olacaq. Bundan əlavə, müqavilədə “Fiorentina”nın əldə edə biləcəyi 5 milyon avro bonus da nəzərdə tutulub.
Moyze Ken ötən mövsüm “Fiorentina”nın əsas hücumçularından biri olub. O, bütün turnirlərdə 33 matçda meydana çıxıb, 9 qol vurub və 4 məhsuldar ötürmə edib.
Hücumçunun “Fiorentina” ilə hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalı onun bazar dəyərini 32 milyon avro qiymətləndirir.


