“Yuventus”un yarımmüdafiəçisi Xefren Türam dizindən keçirəcəyi əməliyyat səbəbindən 2026-cı ildə bir daha meydana çıxmayacaq.
Arena.az xəbər verir ki, Fransa millisinin də üzvü olan futbolçu azı 4 ay yaşıl meydanlardan uzaq qalacaq.
“La Gazzetta dello Sport”un məlumatına görə, futbolçu Lionda cərrahi əməliyyat keçirəcək. Türamı yazdan etibarən narahat edən diz problemi səbəbindən onun 2027-ci ildən tez meydana qayıtması gözlənilmir.
Xefren Türam “Monako”nun yetirməsidir. O, 2019-cu ilin iyul ayından “Yuventus”a keçənə qədər “Nitsa”da forma geyinib. Turin klubu 24 yaşlı futbolçunu 2024-cü ilin yayında 20,6 milyon avro müqabilində heyətinə qatıb. Fransalı oyunçunun “Yuventus”la 2029-cu ilin 30 iyununadək müqaviləsi var. Yarımmüdafiəçi İtaliya nəhənginin heyətində indiyə qədər 96 oyuna çıxıb, 9 qol və 13 məhsuldar ötürmə müəllifi olub.
Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Xefren 2023-cü ilin martında əsas millidə debüt edib. O, millidə cəmi 4 oyun keçirib.
Xatırladaq ki, Xefren “Yuventus”un və Fransa millisinin sabiq üzvü – dünya və Avropa çempionu Lilian Türamın oğludur. Onun qardaşı Markus Türam isə İtaliyanın digər klubu “İnter”də çıxış edir.


