Niko Şlotterbek zədəsini sağaldaraq məşqlərə qayıdıb

Futbol üzrə Almaniya millisinin və Dortmund “Borussiya”snın müdafiəçisi Niko Şlotterbek zədəsini sağaldaraq məşqlərə başlayıb.

Arena.az xəbər verir ki, bu barədə Almaniya klubunun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan çempionu “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi olan “Borussiya” vitse-kapitanının tam sağaldığını bəyan edib.

Xatırladaq ki, almaniyalı müdafiəçi DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Kot-d’İvuar millisinə qarşı keçirdikləri matçda topuq oynağından zədə almışdı. Bu üzdən o, “Borussiya”nın yeni mövsüm öncəsi yay hazırlıq prosesini də buraxmalı olub.

Niko Şlotterbek “Borussiya”ya 2022-ci ilin iyul ayında 20 milyon avro məbləğ müqabilində “Frayburq”dan keçib. Müdafiəçinin Dortmund klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Şlotterbekin “Borussiya”nın heyətində çıxışının ümumi mənzərəsi 161 oyun, 11 qol və 18 məhsuldar ötürmədən ibarətdir.

Niko Şlotterbek 2022-ci ilin mart ayında debüt etdiyi Almaniya yığmasının heyətində 29 oyun keçirib, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 26 yaşlı alman mərkəz müdafiəçisinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Qeyd edək ki, “Sabah” “Borussiya” ilə bu ilin oktyabr ayının 20-də Bakıda üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: