“Mançester Yunayted” Kollyeri satdı, Obini icarəyə verdi

“Sabah”ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən olan “Mançester Yunayted” iki gənc futbolçusu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Belə ki, MY hücumçusu Çido Obini Niderlandın “Villem II” komandasına icarəyə verib. 18 yaşlı danimarkalı forvard yeni klubunda bir mövsüm çıxış edəcək.

Gənc hücumçu təcrübəsini artırmaq məqsədilə Niderland Erediviziyası təmsilçisinə yollanıb. O, ötən mövsüm Mançester klubunun U-21 komandasında 31 matçda 15 qola imza atıb.

“Mançester Yunayted”in digər futbolçusu Tobi Kollyer isə “Vest Bromviç”ə transfer olunub. 22 yaşlı yarımmüdafiəçi 3,5 milyon avro müqabilində keçdiyi Çempionşip təmsilçisi ilə 4 illik müqavilə bağlayıb.

Kollyer 2022-ci ildə “Brayton”un akademiyasından Mançester klubuna keçib. Əvvəlcə U-18 və U-21 komandalarında çıxış etmiş ingiltərəli futbolçu 2023-cü ildə baş məşqçi Erik ten Haqın rəhbərliyi altında əsas heyətin mövsümöncəsi toplanışına cəlb olunub.

Yarımmüdafiəçi 2025-ci ilin avqustunda icarə əsasında “Vest Bromviç”də 12 matçda meydana çıxdıqdan sonra geri çağırılıb və yanvar transfer pəncərəsində “Hall Siti”yə icarəyə verilib. Kollyer son olaraq Maykl Karrikin rəhbərliyi altında təlim-məşq toplanışında iştirak edib. O, Mançester təmsilçisinin heyətində 2024/2025-ci illər mövsümündə ümumilikdə 13 matçda forma geyinib.

Qeyd edək ki, “Mançester Yunayted” “Sabah”la bu il sentyabrın 10-da İngiltərədə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: