“İnter”in argentinalı hücumçusu Lautaro Martines Milan klubunun tarixində A Seriyasının ən məhsuldar üç futbolçusundan biri olub.
Arena.az xəbər verir ki, argentinalı hücumçu İtaliya çempionatının 2026/2027-ci illər mövsümünün 3-cü turunda “Napoli”yə qarşı keçirdikləri matçda dubla imza atıb.
Sentyabrın 5-də Milanda baş tutmuş qarşılaşmada vurduğu iki qol Martinesə klubun A Seriyasındakı tarixi bombardirlər siyahısında İştvan Nyörşü geridə qoyaraq üçüncü pilləyə yüksəlməyə imkan verib.
“İnter”in bu turnirdə ən çox qol vurmuş futbolçuları isə Benito Loretssi (138 qol) və Cüzeppe Meattsadır (197).
Lautaro Martines 2018-ci ilin iyul ayından “İnter”də çıxış edir. İtaliya nəhəngi argentinalı hücumçunu 25 milyon avro məbləğ müqabilində Avelyaneda “Rasinq”indən “neradzurri”nin heyətinə qatıb.
Martinesin “İnter”lə müqaviləsinin müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədədir. 2024-cü ilin yayında Martinesə “İnter”in kapitan sarğısı həvalə edilib.
Argentinalı hücumçu cari mövsümdə bütün yarışlarda “İnter”in heyətində 3 oyuna çıxıb, 2 qol vurub.
Lautaro Martinesin “neradzurri”nin heyətində çıxışının ümumi mənzərisi isə 379 oyun, 177 qol, 56 məhsuldar ötürmədən ibarətdir.
Martines “İnter”lə 3 dəfə İtaliya A Seriyasını, 3 dəfə İtaliya Kubokunu və 3 dəfə də İtaliya Super Kubokunu qazanıb.
Lautaro Martines 2018-ci ilin mart ayında debüt etdiyi Argentina yığmasının heyətində 84 oyuna çıxıb, 40 qol vurub, 13 məhsuldar ötürmə verib. Lautaro 2021-ci və 2024-cü illərdə Amerika Kubokunun, 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatının, həmçinin 2022-ci il Çempionların CONMEBOL-UEFA Kuboku çərçivəsində “Finalissima” oyununun qalibi olub.
“Transfermarkt” internet-portalı 29 yaşlı argentinalı mərkəz hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.


