İtaliyanın “Yuventus” klubunun kapitanı Manuel Lokatelli sağ dizindən keçirdiyi əməliyyatdan sonra 5-6 ay müddətinə sıradan çıxıb.
Arena.az xəbər verir ki, Lokatelli A Seriyasının 3-cü turunda “Milan”la 1:1 hesablı heç-heçə etdikləri oyunda zədələnib.
Tibbi müayinədən sonra futbolçunun sağ dizinin xarici meniskində zədə aşkarlanıb və o, əməliyyat olunub.
Lokatellinin meniskinə tikiş qoyulub. “Sky Sport Italia”nın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçinin tam bərpası və meydana qayıtması 5-6 ay çəkəcək.
“Yuventus” daha bir yarımmüdafiəçisini də itirib. 29 yaşlı Jeremi Boqanın bud-çanaq əzələsində orta dərəcəli zədə aşkarlanıb.
Fil Dişi Sahilindən olan futbolçunun bərpasının 45-60 gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, “Yuventus” A Seriyasında ilk 3 turdan sonra 7 xalla 6-cı pillədə qərarlaşıb. Luçano Spalettinin komandası növbəti matçını sentyabrın 13-də səfərdə “Sassuolo”ya qarşı keçirəcək.


