Oyqen Polanski “Borussiya”nı tərk etdi

Polşalı futbol mütəxəssisi Oyqen Polanski Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasının baş məşqçisi vəzifəsini tərk edib.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir.

40 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Polanski 2025-ci ilin noyabrından “Borussiya”ya rəhbərlik edirdi. Komandanın yeni Bundesliqa mövsümünün startındakı uğursuz nəticələri məşqçi dəyişikliyinə səbəb olub. Mönhenqladbax təmsilçisi ilk üç turda üç məğlubiyyət alıb və bu oyunlarda topların nisbəti 3:12 olub. Rəhbərliyin səbrini isə dünən səfərdə “Freyburq”a qarşı keçirilən və növbəti uğursuz nəticə ilə başa çatan oyun tükədib.

Oyqen Polanski ayrılığı ilə bağlı emosional açıqlama verib. O, futbolçu kimi 1994-2008-ci illərdə, ümumilikdə 14 il klubun sistemində çıxış edib:

“Borussiya” mənim klubum olub və həmişə də belə olacaq. Buna görə hər şeyin belə başa çatması mənim üçün çox ağrılıdır. Böyük ümidlərimiz var idi, lakin onları həyata keçirə bilmədik. Buna görə çox təəssüf edirəm. Səmimi qəlbdən ümid edirəm ki, “Borussiya” çox yaxında düzgün yola qayıdacaq. Kluba, komandaya və bütün azarkeşlərə ən yaxşısını arzulayıram. Birlikdə keçirdiyimiz vaxt üçün təşəkkür edirəm”.

Mönhenqladbax klubunda baş məşqçinin səlahiyyətlərini müvəqqəti olaraq daha əvvəl məşqçilər korpusunda çalışan Yan-Morits Lixtenin icra edəcəyi bildirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: