Rafinya və Lamin Yamaldan “Barselona”da yeni rekord!

“Barselona”nın braziliyalı hücumçusu Rafinya mövsümün ilk səkkiz oyununda vurduğu qolların sayına görə klub rekordunu yeniləyib.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu İspaniya çempionatının 7-ci turunda “Sevilya” ilə səfər matçında het-trik edib.

Kataloniya təmsilçisi rəqibini 3:1 hesabı ilə məğlub edib.

Beləliklə, Rafinya mövsümün bütün turnirlərində keçirdiyi ilk 8 oyunda 14 qol vurub. O, 1948/1949-cu illər mövsümündə eyni sayda qarşılaşmada 13 dəfə fərqlənmiş Sesar Rodrigesin rekordunu geridə qoyub.

Braziliyalı vinger La Liqanın ilk yeddi turunda da 12 qola imza atıb. Bu göstərici üzrə ondan yalnız Esteban Eçevarriya (14 qol, 1943/44 mövsümü) və Kristiano Ronaldo (13 qol, 2014/15 mövsümü) öndədir.

Qeyd edək ki, Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir. O, Kataloniya klubu ilə üç dəfə İspaniya çempionu olub, üç dəfə ölkə super kubokunu və bir dəfə İspaniya Kubokunu qazanıb. Həmçinin o, 2024/2025-ci illər mövsümündə Çempionlar Liqasının ən sərrast futbolçusu olub.

Lamin Yamal da rekorda imza atdı

“Barselona”nın digər hücumçusu Lamin Yamal da “Sevilya” ilə görüşdə məhsuldar ötürmələri ilə diqqət çəkib. 19 yaşlı futbolçu bu matçda iki assist edib. Bununla da o, 2013/2014-cü illər mövsümündən bəri La Liqada 50 məhsuldar ötürmə həddinə çatan ən gənc oyunçu olub. Yamal bu göstəriciyə 19 yaş 68 günlüyündə nail olub.

Əvvəlki rekord “Real”ın futbolçusu Vinisius Juniora məxsus idi. Braziliyalı 2023-cü ildə 22 yaş 298 günlüyündə 50 assist həddinə çatmışdı.

Yamal “Barselona”nın heyətində bütün turnirlərdə keçirdiyi 159 oyunda 57 qol vurub və 51 məhsuldar ötürmə edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: