Ferran Torres: “Finalda vurduğum qola ən azı gündə bir dəfə baxıram”

İspaniya millisinin vingeri Ferran Torres DÇ-2026-nın finalında Argentina yığmasına vurduğu qələbə qolunun yaratdığı hisslərdən danışıb.

Arena.az xəbər verir ki, ispanlar dramatik finalda Cənubi Amerika təmsilçisinin müqavimətini yalnız əlavə vaxtın 106-cı dəqiqəsində qırıb.

Komandasına dünya çempionluğunu qazandıran qola məhsuldar ötürməni Niko Uilyams edib:

“Hadisələr çox maraqlı inkişaf etdi. Lamin Yamal öz cinahında topu qəbul edəndə, gözucu onun topu Pedro Porroya ötürdüyünü gördüm. Özüm də bilmirəm niyə belə oldu, amma şüuraltı olaraq qısa addımlarla irəli hərəkət etməyə başladım. Rəqibin cərimə meydançasına doğru sakitcə daxil oldum. Top Niko Uilyamsa ötürüləndə isə dərhal anladım ki, düz qarşımdakı ərazi tamamilə boşdur – sanki kimsəsiz ada idi.

Təbii ki, meydanda bütün bu epizodlar inanılmaz sürətlə baş verir. Andres İnyesta 2010-cu il dünya çempionatının finalındakı tarixi qolunu xatırlayarkən demişdi ki, zərbədən bir saniyə əvvəl ətrafındakı hər şeyin sanki donduğunu və yoxa çıxdığını hiss edib. And içirəm, əlavə vaxtda məndə də tamamilə eyni hiss yarandı!

Zərbə üçün ayağımı geri çəkdiyim anda ətrafda, sözün əsl mənasında, bir saniyəlik ölüm sükutu yarandı. Növbəti anda isə artıq bütün sürətimlə künc bayrağına doğru qaçdığımı və topun torla görüşdüyünü gördüm.

Həmin zərbəyə o anda məndə qalan bütün gücü sərf etdim. Bu top mütləq qapıya daxil olmalı idi. Bizim bir inancımız da özünü doğrultdu: mən qol vuranda komandamız qalib gəlir.

Oyundan sonra nəhayət ailəm və yaxın dostlarımla görüşəndə ilk soruşduğum şey bu oldu: “Bu qol kənardan necə görünüb?” Topa toxunduğum anı demək olar ki, xatırlamıram. Yaddaşımda yalnız ehtiyat oyunçular skamyasından 20 nəfərin üzərimə doğru qaçması qalıb. Bu, inanılmaz və təsvirolunmaz adrenalin idi.

Həmin vaxtdan bəri bu qolu milyon dəfə izləmişəm və ən azı gündə bir dəfə videoda yenidən baxıram. Belə hisslərdən yorulmaq mümkün deyil”, – Ferran Torres deyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: