Alberto Cilardino – “Parma”nın yeni baş məşqçisi!

İtaliyalı futbol mütəxəssisi Alberto Cilardino A Seriyasında mübarizə aparan “Parma” komandasının baş məşqçisi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

44 yaşlı italiyalı mütəxəssislə 2026/2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Sazişdə komandanın qarşısına qoyulan turnir məqsədlərinə nail olunacağı təqdirdə müqavilənin daha iki il uzadılması ilə bağlı bənd də yer alıb.

Alberto Cilardino “Parma”da sentyabrın sonunda istefaya göndərilmiş ispaniyalı Karlos Kuestanı əvəzləyib. Kuestanın rəhbərliyi altında komanda A Seriyasının ilk 5 turunda cəmi 4 xal toplayıb.

Qeyd edək ki, Cilardino “Parma” azarkeşlərinə futbolçu kimi də yaxşı tanışdır. O, 2002–2005-ci illərdə bu klubun formasını geyinib. Bu müddətdə “Parma”nın heyətində 116 rəsmi oyuna çıxmış hücumçu 56 qol vurub. Daha sonra o, “Milan”a keçib.

2006-cı ildə İtaliya millisinin heyətində dünya çempionu olmuş Cilardino məşqçilik karyerasında “Redzato”, “Siena”, “Pro Verçelli”, “Cenoa” və “Piza” klublarına rəhbərlik edib.

Onun “Parma”nın baş məşqçisi kimi ilk ciddi sınağı milli komandaların oyunları ilə bağlı fasilədən sonra olacaq. “Parma” oktyabrın 10-da səfərdə “İnter”lə qarşılaşacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: