U-17 millimiz Kosovoya da uduzdu – bu dəfə 8 qolla

17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti sınağına çıxıb.

Arena.az xəbər verir ki, Xanlar Əliyevin rəhbərlik etdiyi millimiz qrup mərhələsinin ikinci turu çərçivəsində Kosovo yığması ilə üz-üzə gəlib.

Albaniyanın Rroqojina şəhərində baş tutmuş B Liqasının B1 qrupundakı matç Azərbaycan millisi üçün yenə biabırçı hesabla yekunlaşıb. Belə ki, rəqib komanda yekunda 8:3 hesablı qələbəni bayram edib. Kosovo yığması ilk hissədə 2, fasilədən sonra 6 qol vurub. Millimizin isə iki qolu ilk yarıya, sonuncu qolu fasilədən sonraya təsadüf edib. Yığmamızın heyətində Səbinə Şərəfxanova (7), Sara Səlimli (45) və Suel Polikarpova (59) fərqləniblər.

Xatırladaq ki, Azərbaycanın U-17 millisi qrupdakı ilk oyununda İrlandiya yığmasına 0:16 hesabı ilə uduzmuşdu. Komandamız sonuncu oyununu oktyabrın 4-də meydan sahibi Albaniya yığmasına qarşı keçirəcək:

Azərbaycan – Albaniya
4 oktyabr 2026, saat 14:00 (Bakı vaxtı ilə).
“Niko Dovana” stadionu (Dürres).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: