Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, D Liqasında mübarizə aparan millimiz 2-ci qrupdakı üçüncü sınağında Litva yığmasını qəbul edib.
Sözügedən komandalar arasındakı görüş Bakıdakı 8-ci km stadionunda baş tutub. Qarşılaşmanı Portuqaliyadan olan ədalət təmsilçiləri idarə ediblər. Görüşün baş hakimi Qustavo Korreya olub.
Bu, hər iki komandanın qrupdakı üçüncü sınağı idi. Azərbaycan millisi qrupdakı ilk matçını səfərdə məhz Litva yığmasına qarşı keçirmişdi. Həmin oyunda qalib müəyyənləşməmişdi – 1:1. Millimiz Lixtenşteyn yığması ilə ev oyununda da qolsuz heç-heçəyə razılaşmışdı.
Litva yığması isə Lixtenşteynlə səfər oyunundan 2:0 hesablı qələbə ilə ayrılmışdı. Bu oyundan öncə Litva 4 xalla 2-ci qrupda vahid lider idi. Millimizin 2 xalı var idisə, xalsız olan Lixtenşteyn qrup sonuncusu idi.
Azərbaycan millisi qrup qalibi olmaq yolunda Litva ilə ev oyunundan mütləq qalib ayrılmalıydı. Əks halda son turda Lixtenşteynlə səfər oyunundakı mümkün qələbə də millimiz üçün yetərsiz olacaqdı. Ayxan Abbasovun rəhbərlik etdiyi komandamız bu vəzifənin öhdəsindən çətinliklə də olsa, gəlib. Yığmamız bu rəqibini minimal hesabla üstələyib. Qrup qalibi isə yalnız noyabr ayında baş tutacaq son turun oyunlarından sonra müəyyənləşəcək. Litva evdə Lixtenşteyni sınağa çəkəcək. Azərbaycan yığması isə Lixtenşteynlə səfərdə üz-üzə gələcək. Komandamız qrup qalibi olmaq üçün son oyununda da qalib gəlməlidir.
UEFA Millətlər Liqası
D Liqası, 2-ci qrup
4 oktyabr
Azərbaycan – Litva 1:0
Qol: Abdulla Xaybullayev, 25.
Baş hakim: Qustavo Korreya (Portuqaliya).
Yan hakimlər: Andre Filipe Noqeyra Dias, Andreya Souza (Portuqaliya).
Dördüncü hakim: Şafak Barmaksız (Portuqaliya).
VAR hakimi: Manuel Şüttengruber (Portuqaliya).
AVAR hakimi: Aleksander Harkam (Portuqaliya).
Bakı. 8-ci km stadionu.
Azərbaycan: 1. Emil Balayev, 2. Rəhman Daşdəmirov, 3. Rüfət Abbasov, 4. Rahil Məmmədov, 6. Abdulla Xaybullayev, 7. Toral Bayramov, 10. Mahir Emreli, 15. Bədavi Hüseynov (k), 18. Oruc Məmmədov, 19. Tellur Mütəllimov, 20. Aleksey İsayev.
Ehtiyat oyunçular: 12. Aydın Bayramov, 23. Rəvan Mirzəmmədov, 5. Anton Krivotsyuk, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 11. Anatoli Nuriyev, 13. Emil Səfərov, 14. Elvin Bədəlov, 16. Ceyhun Nuriyev, 17. Vüsal İsgəndərli, 21. Rüfət Abdullazadə, 22. Musa Qurbanlı.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: 12. Tomas Şvedkauskas, 3. Edqaras Utkus, 6. Modestas Vorobyovas, 7. Artur Doljnikov, 10. Armandas Kuçis, 13. Yustas Lasickas (k), 14. Vikintas Slivka, 15. Qvidas Gineitis, 18. Vilius Armalas, 20. Rokas Lekiatas, 21. Adrian Lickunas.
Ehtiyat oyunçular: 1. Lukas Paukşte, 23. Djuqas Bartkus, 2. Artemiyus Tutişkinas, 4. Faustas Steponaviçyus, 5. Kipras Kazukolovas, 8. Domantas Şluta, 9. Manfredas Ruzqis, 11. Eliyus Yankauskas, 16. Lukas Miçelbrink, 17. Deyvidas Maljinskas, 19. İqnas Venckus, 22. Motveyus Burba.
Baş məşqçi: Edqaras Yankauskas.


