U-17 millimiz Albaniyadan da 7 qol buraxdı

17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan millisi (U-17) Avropa çempionatının seçmə mərhələsində bu gün son oyununa çıxıb.

Arena.az xəbər verir ki, Xanlar Əliyevin rəhbərlik etdiyi millimiz qrup mərhələsinin sonuncu turu çərçivəsində Albaniya yığması ilə üz-üzə gəlib.

Albaniyanın Dürres şəhərindəki “Niko Dovana” stadionunda baş tutmuş B Liqasının 1 qrupunun matçı Azərbaycan millisi üçün yenə biabırçı hesabla yekunlaşıb. Belə ki, rəqib komanda yekunda 7:2 hesablı qələbəni bayram edib. Meydan sahibləri ilk hissədə 3, fasilədən sonra 4 qol vurublar. Millimizin isə hər iki qolu ilk yarıya təsadüf edib. Azərbaycan yığmasının qollarını 25-ci dəqiqədə Sara Səlimova və 32-ci dəqiqədə Məryəm Səmədli vurublar.

Xatırladaq ki, Azərbaycanın U-17 millisi qrupdakı ilk oyununda İrlandiya yığmasına 0:16 hesabı ilə uduzmuşdu. Komandamız ikinci oyununda da Kosovoya 3:8 hesabıyla məğlub olmuşdu.

Beləliklə, hər üç oyunundan qalib ayrılmış İrlandiya qrup lideri olub. Albaniya və Kosovo qrup mərhələsini 4 xalla tamamlayıblar. Xala həsrət qalan illimiz isə qrup sonuncusu olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: