Futbol üzrə Portuqaliya milli komandasının və “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanına qayıdıb.
Arena.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.
Məlumata görə, portuqaliyalı futbolçu ötən gün Madriddən günorta saatlarında yola düşüb və Portuqaliya millisinin UEFA Millətlər Liqasında Norveçlə oyununun başlamasına bir saatdan az vaxt qalmış Ər-Riyada çatıb.
Ronaldonun həyat yoldaşı Corcina Rodriqes də səfər zamanı çəkilmiş fotoları sosial şəbəkədə paylaşıb.
Xatırladaq ki, Ronaldo UEFA Millətlər Liqasının 3-cü turunda Danimarka ilə oyundan (2:4) əvvəl Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu qərarının səbəbini gələcəkdə açıqlayacağını bildirib. O, turnirin 2-ci turunda Norveçə qarşı keçirilən görüşdə də (2:1) meydana çıxmayıb.
41 yaşlı Ronaldo 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. O, milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində qol rekordlarına sahibdir.
Kristiano Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un da formasını geyinib. Onun hesabında ümumilikdə 979 qol var. Bunlardan 146-sı Portuqaliya millisinin, 833-ü isə klub səviyyəsində vurulub.


