Portuqaliya millisinin baş məşqçisi Jorje Jezus Kristiano Ronaldonu yenidən milli komandaya dəvət etməyə hazır olduğunu bildirib.
Arena.az xəbər verir ki, 5 qat “Qızıl top” sahibi ilə bağlı məsələyə baş məşqçi “A Bola”ya açıqlamasında münasibət bildirib:
“Bundan sonra nə baş verəcəyini bilmirəm, mənim üçün hər şey açıqdır. O, milliyə çağırılana qədər həyatının necə davam edəcəyinə özü qərar verməlidir. Əgər oynayırsa və milli komandada olmaq istəyirsə, istənilən vaxt geri qayıda bilər. Niyə də yox? Bu, anlaşılmazlıq idi və mənim fikrimcə, onu asanlıqla həll etmək mümkündür. Bildiyim qədər hər şey qaydasındadır. Bunun nə vaxt həll olunacağını bilmirəm, görəcəyik. Norveçlə oyun indicə başa çatıb”, – deyə Jorje Jezus bildirib.
Qeyd edək ki, Ronaldo Millətlər Liqasının 3-cü turunda Danimarka ilə oyundan (2:4) əvvəl Portuqaliya millisinin düşərgəsini tərk edib. Hücumçu qərarının səbəbini gələcəkdə açıqlayacağını deyib. O, turnirin 2-ci turunda Norveçə qarşı keçirilən görüşdə (2:1) ehtiyat oyunçular skamyasında qalıb.
41 yaşlı Ronaldo karyerası ərzində 5 dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionu və UEFA Millətlər Liqasının ikiqat qalibidir. Onun hesabında ümumilikdə 979 qol var. Bunlardan 146-sı Portuqaliya millisinin, 833-ü isə klub səviyyəsində vurulub.
Kristiano Ronaldo 2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Daha əvvəl “Sportinq”, “Mançester Yunayted”, “Real” və “Yuventus”un formasını geyinib.


