Bakıda böyüklər arasında təşkil edilmiş və Azərbaycan Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, çempionatın ikinci günündə Azərbaycan millisinin dörd cüdoçusu tatamiyə çıxıb. Təmsilçilərimizin heç biri medal görüşünə qədər irəliləyə bilməyib.
52 kq çəki dərəcəsində mübarizə aparan Gültac Məmmədəliyeva ilk görüşündə İsrail təmsilçisi Gefen Primo üzərində qələbə qazanaraq 1/8 finala yüksəlib. O, bu mərhələdə Avstraliya cüdoçusu Tinka İstanı da məğlub edib. Lakin Məmmədəliyeva 1/4 finalda italiyalı Odette Ciuffridaya uduzub. Cüdoçumuz təsəlliverici görüşdə Monqolustan təmsilçisi Urantsetseq Bayanmunxa da məğlub olaraq mübarizəni dayandırıb.
66 kq çəkidə Ruslan Paşayev ilk görüşündə Türkmənistan təmsilçisi Serdar Rahimovu məğlub edib. O, 1/8 finalda italiyalı Valerio Romaya uduzaraq turnirlə vidalaşıb.
Eyni çəkidə mübarizə aparan Nizami İmranov isə ilk görüşündə Gürcüstan cüdoçusu Vaza Margvelaşvilini məğlub edib. 1/16 finalda Rusiyanı təmsil edən Ramazan Abdullayevə uduzan İmranov da mübarizəni dayandırıb.
Turan Bayramov isə yarışa Finlandiya təmsilçisi Saşa Luuukasla görüşdə məğlubiyyətlə başlayıb və turnirdə çıxışını başa vurub.
Beləliklə, cüdo üzrə Azərbaycan millisinin aktivində hazırda bir medal var. İlk yarış günündə 60 kq çəki dərəcəsində mübarizə aparmış Əhməd Yusifov dünya çempionatında qızıl medal qazanıb.


