Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün cüdo üzrə dünya çempionatının qalibi olmuş Əhməd Yusifovla görüşüb.
Arena.az xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə dünya çempionatının bu gün rəsmi açılış mərasimi baş tutub.
Milli Gimnastika Arenasında təşkil olunan mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.
Əvvəlcə dövlət başçısı dünya çempionatında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Əhməd Yusifovla görüşüb. İlham Əliyev idmançını qazandığı böyük uğur münasibətilə təbrik edib və ona gələcək yarışlarda uğurlar arzulayıb.
Prezident Əhməd Yusifovun doğma Vətəndə dünya çempionu olmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
“Bütün xalqımızı sevindirmisən. Özü də mübarizə çox gərgin gedirdi. Rəqiblərin də hamısı çox güclüdür. Final yarışında, döyüşündə təmiz qələbə qazanmaq, əlbəttə ki, böyük nailiyyətdir. Səni ürəkdən təbrik edirəm. Dünya çempionu olmaq hər bir idmançının arzusudur. Əminəm ki, sən də bu arzu ilə yaşamısan və bu zirvəyə çatmısan, özü də doğma Vətəndə. Buna görə səni ürəkdən təbrik edirəm, yeni uğurlar arzulayıram. Sən hələ gəncsən. Gələcəkdə də bir çox yarışlar olacaq. Əminəm ki, sən doğma Vətənimizin idman şöhrətini həmişə yüksəklərdə saxlayacaqsan”.
Daha sonra dünya çempionatının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Cüdo Federasiyasının prezidenti, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxış edərək dünya cüdo ailəsini Bakıda salamlamaqdan məmnunluğunu ifadə edib. O, Azərbaycanda idmana, xüsusilə cüdonun inkişafına göstərilən dövlət diqqətindən danışıb.
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislav-Marius Vizer də çıxış edərək Azərbaycan hökumətinə və Prezident İlham Əliyevə idmana və beynəlxalq yarışların keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Açılış mərasimində Azərbaycanın və Beynəlxalq Cüdo Federasiyasının himnləri səsləndirilib, daha sonra tədbir bədii proqramla davam edib. Mərasim məşhur italiyalı müğənni Al Banonun konserti ilə başa çatıb.
Cüdo üzrə dünya çempionatına oktyabrın 4-də start verilib və yarışlar ayın 11-dək davam edəcək. Beynəlxalq cüdo təqviminin ən nüfuzlu turnirlərindən biri olan Bakı mundialında 93 ölkədən 622 cüdoçu – 335 kişi və 287 qadın mübarizə aparır.


