UEFA Millətlər Liqasında Azərbaycan millisinin rəqibi olan Litva millisinin baş məşqçisi Edqaras Yankauskas vəzifəsindən ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Litva Futbol Federasiyası məlumat yayıb.
Federasiyanın prezidenti Edqaras Stankeviçyus, texniki direktor Deyvidas Şemberas və Yankauskas arasında keçirilmiş görüşdə milli komandanın nəticələri və son dövrdəki çıxışı müzakirə olunub. Görüşün yekununda tərəflərin qarşılıqlı razılığı əsasında 54 yaşlı mütəxəssislə müqaviləyə xitam verilməsi qərara alınıb.
Stankeviçyus Yankauskasa komandaya verdiyi töhfələrə və göstərdiyi fədakarlığa görə təşəkkür edib. O bildirib ki, təxminən dörd il ərzində müxtəlif mərhələlər yaşansa da, bəzi nəticələr gözləntiləri doğrultmayıb və hazırda milli komandada dəyişikliklərə ehtiyac yaranıb.
Edqaras Yankauskas da qərarın qarşılıqlı razılaşma əsasında qəbul edildiyini təsdiqləyib. O, məşqçilər korpusuna, futbolçulara, azarkeşlərə və federasiya rəhbərliyinə təşəkkür edib, Litva millisinin və futbolunun gələcək uğurlarını arzulayıb.
Onunla birlikdə məşqçilər korpusu da milli komandadakı fəaliyyətini dayandıracaq.
Litva millisinin qarşıdakı oyunlarda hansı məşqçiyə tapşırılacağı barədə məlumat yaxın günlərdə açıqlanacaq. Komanda noyabr ayında evdə Lixtenşteyn yığması ilə qarşılaşacaq və daha bir yoxlama oyunu keçirəcək. Bu görüşdə rəqibin kim olacağı hələ müəyyənləşməyib.
Xatırladaq ki, Litva millisi Yankauskasın rəhbərliyi altında sonuncu matçını Bakıda Azərbaycan yığmasına qarşı keçirib. Millimizlə ev oyununda 1:1 hesablı heç-heçəyə razılaşmış litvalılar Bakıda 0:1 hesablı məğlubiyyətə üzülüblər. Görünür məhz bu məğlubiyyət Yankauskasa bağışlanmayıb.


