Futbol üzrə İsveç millisinin hücumçusu Viktor Gyökereş UEFA Millətlər Liqasında ardıcıl qol vurduğu oyunların sayını 7-yə çatdırıb.
Arena.az xəbər verir ki, 28 yaşlı forvard Rumıniyaya qarşı səfər oyununda komandasının 1:0 hesablı qələbəsini təmin edən yeganə qola imza atıb.
Dyökereş bununla da turnirdə ardıcıl 7 matçda fərqlənmiş ilk futbolçu kimi rekordunu yeniləyib. O, cəmi üç gün əvvəl Bosniya və Herseqovinaya qarşı görüşdə vurduğu qolla ardıcıl 6 oyunda qol vuran ilk futbolçu olmuşdu. Həmin göstəriciyə qədər rekord Aleksandar Mitroviç və Benjamin Şeşkoya məxsus idi. Hər iki futbolçu 5 qarşılaşmada ardıcıl qol vurmuşdu.
Dyökereşin UEFA Millətlər Liqasındakı qol seriyası 2024-cü ildə başlayıb. O, Estoniya ilə oyunda fərqləndikdən sonra Slovakiya ilə qarşılaşmada da qol vurub. Viktor daha sonra Azərbaycan millisinin qapısına 4 qol vuraraq İsveçin 6:0 hesablı qələbəsində əsas pay sahibi olub. Hücumçu həmin turnirdə ümumilikdə 9 qolla bombardir olub.
Yeni mövsümdə isə Dyökereş Rumıniya, Polşa və Bosniya və Herseqovina ilə oyunlarda da fərqlənib və ardıcıl qol seriyasını 7 matça çatdırıb.
Beləliklə, İsveç millisinin heyətində UEFA Millətlər Liqasında 15 oyun keçirmiş Dyökereşin hesabında 14 qol var. Onun son 7 matçdakı qol sayı isə 10-dur.
Viktor Dyökereş üçün oktyabr milli fasiləsi klub səviyyəsindəki çıxışından da fərqli olub. “Arsenal”ın hücumçusu bu mövsüm hələ İngiltərə klubunda ilk qolunu vurmayıb. O, “topçular”ın heyətində bütün turnirlərdə cəmi 190 dəqiqə meydanda olub.
“Arsenal” növbəti oyununu şənbə günü evdə “Lids”ə qarşı keçirəcək. Dyökereşin milli komandadakı məhsuldar çıxışından sonra London klubunda da əsas heyətdə şans qazanması gözlənilir.


