Rəşid Məmmədəliyev dünya üçüncüsü oldu!

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Bakıda böyüklər arasında təşkil edilmiş dünya çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, DÇ-nin üçüncü günündə Azərbaycan millisinin üç üzvü tatamiyə çıxıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Rəşid Məmmədəliyev mundialı bürünc medalla başa vurub. Azərbaycan cüdoçusu ilk görüşündə kanadalı Castin Lemeri məğlub edərək 1/8 finala yüksəlib. Bu mərhələdə britaniyalı İtan Nerni də üstələyən Məmmədəliyev 1/4 finalda fransalı Dajan Bulemtafa uduzub.

Buna baxmayaraq, təsəlliverici görüşdə italiyalı Leonardo Valeriani üzərində qələbə qazanan Məmmədəliyev bürünc medal uğrunda mübarizə aparmaq hüququ əldə edib. Həlledici görüşdə braziliyalı Daniel Kargnini məğlub edən cüdoçumuz mundialın bürünc medalına sahib çıxıb.

Eyni çəkidə Azərbaycanın digər təmsilçisi, 2024-cü ilin dünya çempionu Hidayət Heydərov isə medal mübarizəsini 1/8 finalda dayandırıb. O, əvvəlcə Kosovo təmsilçisi Akil Gyakovanı, daha sonra finlandiyalı Valtteri Olini məğlub edib. Lakin 1/8 finalda italiyalı Covanni Espozitoya uduzub.

57 kq çəki dərəcəsində çıxış edən Xədicə Qədəşova isə ilk görüşündə qırğızıstanlı Janar Joldoşevaya məğlub olaraq mübarizəni dayandırıb.

Beləliklə, Azərbaycan millisinin aktivində hazırda iki medal var. Əhməd Yusifov (60 kq) qızıl, Rəşid Məmmədəliyev isə (73 kq) bürünc medal qazanıb.

Qeyd edək ki, dünya çempionatının görüşləri Azərbaycan Gimnastika Arenasında keçirilir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: