Futbol üzrə İspaniya milli komandasının sabiq cinah hücumçusu Pedro Rodriges peşəkar futbolçu karyerasını başa vurmaq qərarına gəlib.
Arena.az xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib:
“Bu addımı atmaq və həyatımda yeni mərhələyə başlamaq üçün doğru zamanın gəldiyini hiss edirəm. Arzumu yaşadığım və onun gerçəkləşməsinə kömək edən bütün insanlarla fəxr edirəm. Təşəkkürlər, futbol. Məni bu qədər xoşbəxt etdiyin üçün”, – deyə Rodriges yazıb.
“Barselona”nın yetirməsi olan Pedro 2009-2015-ci illərdə Kataloniya klubunun əsas komandasında çıxış edib. O, “Barselona” ilə üç dəfə UEFA Çempionlar Liqasını (2009, 2011, 2015), beş dəfə İspaniya çempionatını və üç dəfə ölkə kubokunu qazanıb.
Karyerası ərzində İtaliyanın “Roma” və “Latsio”, həmçinin İngiltərənin “Çelsi” klublarında da çıxış etmiş ispan vinger London təmsilçisi ilə İngiltərə çempionu (2017), ölkə kubokunun qalibi (2018) və Avropa Liqasının (2019) qalibi olub.
Pedro Rodriges İspaniya millisinin heyətində 65 oyuna çıxıb, 17 qol vurub və 11 məhsuldar ötürmə edib. O, milli komanda ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu titulunu qazanıb.


