İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu olmuş yarımmüdafiəçi David Silva 40 yaşında futbolçu karyerasını bərpa edib.
Arena.az xəbər verir ki, ispaniyalı veteran Honkonq Premyer Liqasında çıxış edən “Satxin” klubu ilə müqavilə imzalayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilənin müddəti açıqlanmasa da, tərəflər arasında qısamüddətli razılaşmanın əldə olunduğu bildirilir.
David Silva 2020-2023-cü illərdə İspaniyanın “Real Sosyedad” klubunda çıxış etdikdən sonra futbolçu karyerasını başa vurmuşdu. Bundan əvvəl o, İngiltərənin “Mançester Siti”, İspaniyanın “Valensiya” klublarında oynayıb, həmçinin icarə əsasında “Selta” və “Eybar”ın formasını geyinib.
“Mançester Siti”nin heyətində Silva 4 dəfə İngiltərə çempionu, 2 dəfə ölkə kubokunun və 5 dəfə Liqa Kubokunun qalibi olub. O, həmçinin 3 dəfə İngiltərə Super Kubokunu qazanıb. İspan futbolçu “Valensiya” ilə isə iki dəfə İspaniya Kubokunda zəfər yaşayıb.
İspaniya millisində 125 oyun keçirən Silva 35 qol vurub və 32 məhsuldar ötürmə edib. O, milli komanda ilə 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olub.


