Fabio Borini futbolçu karyerasını başa vurdu

İtaliyalı hücumçu, ölkəsinin milli komandasında da oynamış Fabio Borini 18 il davam edən peşəkar futbolçu karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Borininin “Salfordsiti” ilə müqaviləsinin başa çatmasından sonra karyerasını davam etdirməmək qərarına gəldiyi bildirilir.

“Bolonya”nın yetirməsi olan Borini 2007-ci ildə, 16 yaşında İngiltərənin “Çelsi” klubunun akademiyasına keçib. Daha sonra İtaliyaya qayıdan hücumçu “Roma”da çıxış edib.

2012-ci ildə “Liverpul” Borinini 13,3 milyon avro qarşılığında transfer edib. İtaliyalı futbolçu İngiltərədə, həmçinin “Suonsi”, “Sanderlend” və digər klubların formasını geyinib.

Fabio Borini karyerası ərzində “Parma”, “Milan”, “Verona”, Türkiyənin “Fatih Karagümrük” və “Sampdoriya” klublarında da çıxış edib. Onun son ünvanı İngiltərənin dördüncü divizionunda mübarizə aparan “Salfordsiti” olub.

İtaliya millisində cəmi bir oyun keçirən Borini vida mesajında futbolun ona verdiyi hər şeyə görə minnətdar olduğunu bildirib. O, bundan sonra yeni imkanlar axtaracağını və fəaliyyətini futbol meydanından kənarda davam etdirəcəyini qeyd edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: