Futbol üzrə İtaliya yığmasının və Milan “İnter”inin sabiq müdafiəçisi Matteo Darmian bundan sonra “Bolonya”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Klub 36 yaşlı futbolçu ilə 2027-ci il iyunun 30-dək qüvvədə olacaq müqavilə imzalayıb.
Darmian “Milan”ın yetirməsidir və A Seriyasında debütünü 2006/2007-ci illər mövsümündə bu komandanın heyətində edib. Daha sonra “Padova” və “Palermo”da çıxış etmiş müdafiəçi “Torino”da özünü təsdiqləyib. O, Turin təmsilçisində keçirdiyi dörd mövsüm ərzində İtaliya çempionatının seçilən cinah müdafiəçilərindən birinə çevrilib.
2015-ci ildə İngiltərənin “Mançester Yunayted” klubuna keçmiş Darmian burada İngiltərə Kubokunu, Liqa Kubokunu və Avropa Liqasını qazanıb. 2019-cu ildə İtaliyaya qayıdaraq “Parma”ya qoşulmuş futbolçu 2020-ci ilin oktyabrında “İnter”ə keçib.
Milan təmsilçisində etibarlı və çoxfunksiyalı müdafiəçi kimi tanınan Darmian komandanın bir sıra titullar qazanmasına töhfə verib. O, “İnter”in heyətində iki dəfə UEFA Çempionlar Liqasının finalında da iştirak edib.
İtaliya millisində debütünü 2014-cü ildə etmiş müdafiəçi həmin il Braziliyada keçirilmiş dünya çempionatında da çıxış edib. Onun milli komandanın heyətində 40-dan çox oyunu var.
Matteo Darmian klub və milli komanda səviyyəsində zəngin titul kolleksiyasına malikdir. O, İtaliya çempionu, ikiqat İtaliya Kuboku və İtaliya Super Kuboku qalibi olmaqla yanaşı, “Mançester Yunayted”lə İngiltərə Kubokunu, Liqa Kubokunu və Avropa Liqasını qazanıb.


