“Real”ın hücumçusu Kilian Mbappe UEFA Çempionlar Liqasının tarixində ən çox qol vuran futbolçuların siyahısında 5-ci pilləyə yüksəlib.
Arena.az xəbər verir ki, fransalı ulduz turnirin əsas mərhələsinin ikinci turunda “Roma” ilə qarşılaşmada fərqlənib.
Bu qol Mbappenin Çempionlar Liqasındakı 72-ci qolu olub. Beləliklə, o, əfsanəvi ispaniyalı hücumçu Raul Qonsalesi (71 qol) geridə qoyaraq siyahıda 5-ci yerə yüksəlib.
Çempionlar Liqasının tarixində ən məhsuldar futbolçu portuqaliyalı Kristiano Ronaldodur. O, turnirdə 140 qol vurub. İkinci yerdə 129 qolla argentinalı Lionel Messi qərarlaşıb. Polşalı Robert Levandovski 109 qolla üçüncü, fransalı Kərim Benzema isə 90 qolla dördüncü pillədədir.
Qeyd edək ki, 27 yaşlı Kilian Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, daha əvvəl “Monako” və PSJ klublarının formasını geyinib. Paris təmsilçisi ilə 2020-ci ildə Çempionlar Liqasının finalına qədər irəliləyib.
49 yaşlı Raul isə futbolçu karyerası ərzində “Real” və Almaniyanın “Şalke” komandalarında oynayıb. O, Madrid klubu ilə üç dəfə — 1998, 2000 və 2002-ci illərdə Çempionlar Liqasının qalibi olub.
Mbappenin qarşısında indi Kərim Benzemanın göstəricisini keçmək və turnirin ən məhsuldar futbolçuları arasında daha da irəliləmək hədəfi var.


