Canni İnfantino səhvlərinə görə üzr istədi

FİFA prezidenti Canni İnfantino FIFA “Forward Enterprise” layihəsinin planlaşdırılması zamanı yol verilən səhvlərə görə üzr istəyib.

Arena.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Oktyabrın 15-də Sürixdə FİFA Şurasının iclası keçirilib. İclas zamanı İnfantino futbol ictimaiyyətini birliyə çağırıb və “Futbol hər kəs və hər yerdə üçündür” fikrini səsləndirib.

Qeyd edək ki, bu ilin iyul ayında İnfantinonun FİFA-nın kişi və qadınlar arasında keçirilən əsas turnirlərinə nəzarət edəcək ayrıca şirkət yaratmaq niyyətində olduğu barədə məlumat yayılmışdı. FIFA Forward Enterprise adlandırılması nəzərdə tutulan layihənin üzv assosiasiyaların gəlirlərini artıracağı və dünya futbolunun inkişafına töhfə verəcəyi iddia edilirdi.

FİFA nümayəndələrinin açıqlamalarına görə, bu təşəbbüs vasitəsilə 4,2 milyard ABŞ dolları həcmində vəsait cəlb etmək mümkün ola bilərdi. Lakin layihə futbol rəsmiləri, milli federasiyalar və digər təşkilatlar tərəfindən ciddi tənqidə məruz qaldı.

Təşəbbüs ətrafında yaranan narazılıqlardan sonra İnfantino bu ideyadan imtina edib. Son açıqlamasında isə Canni İnfantino layihənin planlaşdırılması zamanı buraxılan səhvlərə görə üzr istəyib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: