“Mançester Yunayted”in baş məşqçisi Maykl Karrik komandanın cari mövsümə uğursuz başlaması ilə bağlı tənqidlərə cavab verib.
Arena.az xəbər verir ki, ingiltərəli mütəxəssis futbolçuların ona və məşqçilər korpusuna tam etibar etdiyini bildirib.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının ilk 6 turunda cəmi 6 xal toplamış “qırmızı şeytanlar” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıblar. UEFA Çempionlar Liqasına “Sabah” üzərində 4:0 hesablı qələbə ilə başlamış Mançester təmsilçisi daha sonra Madrid “Atletiko”suna 0:2 hesabı ilə məğlub olub.
Maykl Karrik komanda ətrafında səslənən tənqidlərin kollektivə təsir etmədiyini vurğulayıb:
“Hazırda çox sayda insan müxtəlif fikirlər səsləndirir. Bunların arasında həm keçmiş peşəkar futbolçular, həm də oyunçu kimi təcrübəsi olmayan ekspertlər var. Ancaq onların mediada fəal olması klub daxilində baş verən prosesləri həqiqətən başa düşdükləri demək deyil.
Əminliklə deyə bilərəm ki, futbolçular mənə və məşqçilər korpusumuza tam etibar edirlər. Kənardan səsləndirilən fikirlər heç də həmişə həqiqətə uyğun olmur.
Bəli, emosionalıq və nəticələrə görə ciddi narahatlıq keçiririk. Bəzən kənardan kimsə emosiyalara qapılaraq müəyyən məqamda deməməli olduğu sözləri söyləyə bilər. Ancaq belə hallar burada addım-addım qurduğumuz layihədən bizi yayındıra bilməz.
Kənardan yaranan informasiya fonu komandaya heç bir təsir göstərmir. Kollektiv iş əhval-ruhiyyəsindədir və futbolçuların işə münasibətindən çox razıyam”.
Qeyd edək ki, “Mançester Yunayted” növbəti oyununu oktyabrın 18-də İngiltərə Premyer Liqası çərçivəsində səfərdə “Lids”ə qarşı keçirəcək.


