Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Macarıstanın “Kişvarda” komandasının “Ferentsvaroş”la matçını buraxıb.
Arena.az xəbər verir ki, “Kişvarda” 2026/2027-ci illər mövsümünün 10-cu turu çərçivəsində bu gün “Ferentsvaroş”la qarşılaşıb.
Futbolçumuzun komandası bu rəqibi ilə doğma meydanda üz-üzə gəlib və 1:1 hesablı heç-heçəyə razılaşıb. Nuriyev bu maçın iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
Bu nəticədən sonra “Kişvarda” 11 xalla 12 iştirakçı arasında 9-cu pillədə qərarlaşıb. Futbolçumuzun komandası 10 oyunda 2 qələbə qazanıb, 5 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.
Xatırladaq ki, Anatoli Nuriyev “Kişvarda”ya bu ilin yayında “Zirə”dən azad agent kimi ayrılaraq keçib. O, indiyə qədər bu komandanın heyətində 5 oyuna çıxıb, 1 qola imza atıb.
Nuriyev daha öncə “Sabah”, “Sumqayıt”, “Kolos”, “Minay”, “Stal”, “Serednye” kimi klubların da formasını geyinib.
2021-ci ildə Azərbaycan yığmasında debüt etmiş Anatoli millinin heyətində 19 oyuna çıxıb, 1 qol vurub.


