Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo baş məşqçi Jorje Jezus komandaya rəhbərlik etdiyi müddətdə yığmaya qayıtmaq niyyətində deyil.
Arena.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Xatırladaq ki, daha əvvəl 41 yaşlı futbolçunun bir ay müddətinə millinin oyunlarından kənarlaşdırıldığı və 255 avro məbləğində cərimələndiyi bildirilmişdi. Bununla belə, Ronaldo noyabrın 14-də Danimarka, noyabrın 17-də isə Uels yığmalarına qarşı UEFA Millətlər Liqası oyunlarında iştirak edə biləcək.
Ronaldo sentyabrın 30-da, təlim-məşq toplanışının ortasında Portuqaliya millisinin düşərgəsini tərk edib. Futbolçu bunun səbəbini Jezusun ona verdiyi vədləri iki dəfə pozması ilə izah edib.
Hücumçu UEFA Millətlər Liqasının yeni mövsümündə Uelslə ilk oyunda (1:0) meydana çıxıb. Lakin Norveçlə növbəti qarşılaşmada (2:1) ehtiyat oyunçular skamyasında qalıb. Ronaldo daha sonra bildirib ki, əvvəlcə həmin matçda oynaması nəzərdə tutulmayıb. Buna baxmayaraq, baş məşqçi ondan meydana çıxmağa hazır olmasını istəyib və təxminən 30 dəqiqə oynaya biləcəyini deyib. Futbolçu isinməyə göndərilsə də, sonda meydana buraxılmayıb.
Bununla belə, Ronaldo milli karyerasını başa vurmaq niyyətində olmadığını və yığmaya dəvət almağa hazır olduğunu açıqlayıb.
Qeyd edək ki, Portuqaliya millisi UEFA Millətlər Liqasında keçirdiyi dörd oyunun hamısında qələbə qazanaraq turnirin 1/4 finalına vəsiqəni təmin edib.
Ronaldo karyerası ərzində beş dəfə UEFA Çempionlar Liqasının qalibi olub, Avropa çempionatı və iki dəfə UEFA Millətlər Liqasını qazanıb. O, milli komandalar, Avropa çempionatları, UEFA Çempionlar Liqası və klublararası dünya çempionatları tarixində vurduğu qolların sayına görə rekordçudur.
2022-ci ilin dekabrından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən hücumçu karyerası ərzində Portuqaliyanın “Sportinq”, İngiltərənin “Mançester Yunayted”, İspaniyanın “Real” və İtaliyanın “Yuventus” komandalarında da oynayıb.
Kristiano Ronaldo indiyədək karyerasında 981 qol vurub. Onlardan 146-sı Portuqaliya millisinin, 835-i isə klub səviyyəsində qeydə alınıb.


