Dambrauskas: “Borussiya” ilə matçda bəxtimiz gətirmədi”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında Dortmund “Borussiya”sına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Azərbaycan və Almaniya təmsilçiləri bu gün ÇL-in Liqa mərhələsinin 3-cü turu çərçivəsində Bakıda üz-üzə gəliblər.

Dambrauskas 1:2 hesabıyla uduzduqları matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Keyfiyyət sözünü dedi. Yaxşı imkanlarımız oldu, amma alınmadı. Əlimizdən gələni etdik. Oyunun son saniyəsinə qədər matçda qaldıq. Ancaq rəqibin keyfiyyəti özünü göstərdi. Onlar əllərinə düşən şanslardan istifadə etdilər. Futbolçularımla apardıqları mübarizəyə görə qürur duyuram. Komandada hər kəsdən məmnunam. Hər kəs bacardığını etdi. Futbolçular başa düşürlər ki, bütün oyunlarda meydana çıxmaq olmur. Rəqabətə davamlı sistemimiz var. Bəzən kimisi daha faydalı olur. Patrik Mbina da bu gün töhfə verə bildi, ondan çox razıyam.

Bu gün daha keyfiyyətli komanda qalib gəldi. Unutmayaq, “Borussiya” hazırda Avropada ən yaxşı komandalardandır. Doğrudur, ilk hissədə yaxşı epizodları oldu. Lakin fasilədən sonra biz də qol şansları yaratdıq. Hesabı bərabərləşdirə bilərdik. Ümumilikdə, vəziyyət pis deyil. Ən məyusedici məqam oyuna pis başlamağımız oldu. Çempionlar Liqasında sürət, gərginlik başqadır. Hər iki hissəyə pis başladıq, erkən qollar buraxdıq. Bəzi anlarda isə bəxtimiz gətirmədi. Hər bir halda, futbolçularımla qürur duyuram. Son dəqiqəyə kimi mübarizədən qopmadılar”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: