“Barselona” “Atletiko”nun şikayətindən sonra Xulian Alvareslə bu klubun icazəsi olmadan danışıqlar apardığına görə 602 avro cərimələnib.
Arena.az xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.
“Atletiko” Kral İspaniya Futbol Federasiyasına (RFEF) müraciət edərək, kataloniyalıları Alvareslə danışıqlar aparmazdan əvvəl klubunu yazılı şəkildə məlumatlandırmamaqda ittiham edib. Reqlamentə əsasən, belə bir bildirişin göndərilməsi tələb olunur.
Federasiya pozuntunu yüngül xarakterli hesab edib və “Barselona”nı 602 avro məbləğində cərimələyib. FİFA isə səlahiyyət dairəsinə aid olmadığı üçün məsələni araşdırmayıb.
26 yaşlı Xulian Alvares 2024-cü ildən “Atletiko”da çıxış edir. Argentinalı hücumçu bundan əvvəl İngiltərənin “Mançester Siti” klubunda oynayıb. O, bu komandanın heyətində iki dəfə İngiltərə çempionu (2023, 2024), bir dəfə UEFA Çempionlar Liqasının (2023), klublararası dünya çempionatının (2023), İngiltərə Kubokunun (2023), ölkə Superkubokunun (2024) və UEFA Superkubokunun (2023) qalibi olub.
Alvares karyerasının əvvəlində Argentinanın “River Pleyt” klubunda da çıxış edib. O, bu komanda ilə ölkə çempionatını (2021), Libertadores Kubokunu (2018), Argentina Kubokunu (2019) və ölkə Superkubokunu (2019) qazanıb.


