Kristiano Ronaldo 17 dəqiqəyə het-trik etdi – Video

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kristiano Ronaldo karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.

Arena.az xəbər verir ki, portuqaliyalı ulduz Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Xolud”la ev oyununda möhtəşəm performans sərgiləyib.

“Əl-Nəsr” doğma meydanda “Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib. Qalib komandanın heyətində Qabriel Anjelo (24), Sadio Mane (38) və Kristiano Ronaldo (66, 72, 81) fərqləniblər. Qonaqların heyətində isə Jülien Dominqes (16, 90+4) dubl edib, Loik Essomba (45+2) bir qol vurub.

Ronaldo karyerasında 67-ci het-trikinə imza atıb. Portuqaliyalı hücumçu rəsmi matçda sonuncu dəfə 2024-cü ilin mayında üç qol vurmuşdu. Həmin vaxt o, Səudiyyə Ərəbistanı çempionatında “Əl-Vahda”nın qapısına üç dəfə yol tapmış, komandası 6:0 hesablı qələbə qazanmışdı.

Bu het-trikdən sonra Ronaldonun karyerası ərzində vurduğu qolların sayı 985-ə çatıb. O, futbol tarixinin ən məhsuldar bombardiri hesab olunur.

Qələbədən sonra “Əl-Nəsr” turnir cədvəlinin lideri “Əl-Qadisiyyə”yə çatıb. Hər iki komandanın aktivində 28 xal var.

Ronaldo və komanda yoldaşları növbəti turda, noyabrın 6-da səfərdə “Əl-Həzm”lə qarşılaşacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: