Djioyev dünya çempionatında gümüş medal qazandı

Azərbaycanın sərbəst güləşçisi Arseniy Djioyev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.

Arena.az xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı davam edir.

Yarışın səkkizinci günündə sərbəst güləş üzrə 57, 74, 79 və 92 kq-da mübarizəyə start verilib, həmçinin 61, 70, 86 və 125 kq-da medalçılar bəlli olublar.

Arseniy Djioyev (86 kq) finalda qarşılaşdığı Kayl Deykə (ABŞ) 2:3 hesabı ilə məğlub olub və gümüş medalla kifayətlənib.

Azərbaycanın digər sərbəst güləşçisi Georgi Meşvildişvili (125 kq) isə bu dünya çempionatında bürünc medal qazanıb. O, bürünc medal uğrunda görüşdə Macarıstan təmsilçisi Vladislav Baitsayevi məğlub edib.

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

İslam Bazarqanov (57 kq) yarımfinala qədər keçirdiyi bütün görüşləri vaxtından əvvəl qələbəylə başa vurub. O, hindistanlı Rahul Rahul (10:0), isveçrəli Tomas Epp (10:0) və yaponiyalı Yamato Oqavaya (12:2) tam üstünlüklə qalib gəlib. Finala gedən yolda Bazarqanovun rəqibi amerikalı olimpiya mükafatçısı Spenser Li olub. Görüşün ikinci hissəsində hesabda 10:3 önə keçən güləşçimiz rəqibin əks-fəndiylə üzləşərək “tuş”la məğlub olub. İslam sabah bürünc medal uğrunda güləşəcək.

Turan Bayramov (74 kq) gürcüstanlı Giorgi Elbakidzeni minimal fərqlə üstələyib – 2:1. Ancaq 1/8 finalda qazaxıstanlı Nurkoja Kaypanova 0:4 hesabıyla uduzub. Rəqib finala yüksəldiyi üçün Bayramov sabah təsəlliverici görüşə çıxacaq.

Yarışa 1/8 finaldan qoşulan Cəbrayıl Hacıyev (79 kq) iordaniyalı Erzo İsakov (11:0) və türkiyəli Okan Tahtacını (9:3) mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Hacıyev həlledici görüşdə Asiya Oyunlarının qalibi, dünya çempionatının mükafatçısı, iranlı Mohammad Noxodilarimiylə üz-üzə gəlib. Rəqibinə 5:9 hesabıyla məğlub olan Cəbrayıl sabah bürünc medal uğrunda görüşə çıxacaq.

Ali Tsokayev (92 kq) debütdə Şimali Makedoniya təmsilçisi Recep Haydariyə heç bir şans tanımayıb – 10:0. Ancaq 1/4 finalda amerikalı dünya çempionu Trent Hidleyə 1:5 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ali sabah təsəlliverici görüşdə mübarizəsini davam etdirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: