Madrid “Real”ının baş məşqçisi Joze Mourinyo İspaniya La Liqasının 11-ci turunda “Rasinq”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, paytaxt klubu Santander təmsilçisi ilə səfər oyunundan 3:0 hesablı qələbə ilə ayrılıb.
Amma portuqaliyalı mütəxəssis komandasının çoxsaylı qol imkanlarından daha yaxşı yararlanmalı olduğunu bildirib:
“3:0 hesabı oyunun tam mənzərəsini əks etdirmir. Bu qədər qol imkanı yaratdığımız halda daha çox qol vurmalı idik. Oyunun sonlarında rəqib heç olmasa bir qol vursaydı, qarşılaşmada intriqa yenidən yarana bilərdi.
Yüksək pressinq “Rasinq”in doğma meydanda bütün rəqiblərinə qarşı istifadə etdiyi oyun üslubudur. Biz bu təzyiqə tab gətirdik və bizim üçün çox çətin keçən həftəni qələbə ilə başa vurduq. Hətta hesab 0:3 olarkən belə, azarkeşlər komandalarını böyük coşqu ilə dəstəkləyirdilər. Təhlükə sonadək davam edirdi”, – deyə Mourinyo bildirib.


