FIFA prezidenti Canni İnfantinonun Amerika Birləşmiş Ştatlarında yaşadığı müddətdə yaranan vergi öhdəlikləri təşkilat tərəfindən qarşılanıb.
Arena.az xəbər verir ki, bu barədə “The New York Times” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, ali futbol qurumu 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində Mayamidə yaşayan İnfantinonun 2024-2026-cı illər üzrə vergilərini ödəyib. Bu məqsədlə təşkilatın büdcəsindən ümumilikdə 4 milyon ABŞ dolları xərclənib.
Vergi kompensasiyası mexanizmi dünya çempionatının təşkili üçün ABŞ-yə köçən FIFA əməkdaşlarına şamil edilsə də, İnfantino kimi seçkili vəzifə sahibləri bu imtiyazdan yararlana bilməzdilər. Nəşrin iddiasına görə, 2024-cü ildə kiçik bir komitə bu güzəşti İnfantinoya da tətbiq etmək qərarı verib. Lakin qərar təşkilatın rəsmi sənədlərində təsdiqlənməyib.
Qeyd edək ki, 56 yaşlı Canni İnfantino 2016-cı ildən dünyanın ali futbol qurumuna rəhbərlik edir. O, sonradan iki dəfə yenidən bu vəzifəyə seçilib. Təşkilat prezidentinin növbəti seçkiləri 2027-ci ilin martında keçiriləcək.


