Azərbaycan yığma komandasının yarımmüdafiəçisi və kapitanı Emin Mahmudov millidə karyerasını başa vurmaq qərarına gəlib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, təcrübəli futbolçunun federasiya rəhbərliyi ilə apardığı məsləhətləşmələrdən sonra bu qərar qəbul olunub. Noyabr toplanışı çərçivəsində keçiriləcək Andorra ilə yoxlama oyunu Emin Mahmudov üçün milli komandada sonuncu matç olacaq.
2016-cı ildən etibarən milli komandanın şərəfini qoruyan yarımmüdafiəçi yığmanın heyətində keçirdiyi oyunlarda 16 qola imza atıb. Emin bu göstərici ilə Qurban Qurbanova məxsus rekordu yeniləyərək Azərbaycan millisi tarixinin ən məhsuldar futbolçusu statusunu daşıyır. Təcrübəli yarımmüdafiəçi milli komandamızda bütövlükdə 65 oyun keçirib, 16 qol və 3 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Azərbaycan millisi növbəti toplanış çərçivəsində noyabrın 13-də UEFA Millətlər Liqasında Lixtenşteyn, noyabrın 16-da isə Andorra ilə yoxlama oyununda üz-üzə gələcək.


