Neymarın atası “Santos”un baş direktoru təyin edildi

Futbol üzrə Braziliya millisinin sabiq üzvü, “Santos”un kapitanı Neymarın atası sözügedən klubun baş direktoru vəzifəsinə rəsmi olaraq təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Neymarın atası yeni vəzifədə ən azı 2026-cı ilin sonunadək çalışacaq. Onun klubdakı gələcəyi isə dekabrın 12-də keçiriləcək prezident seçkisinin nəticələrindən asılı olacaq. Hazırkı prezident Marselo Teyşeyra yenidən seçilərsə, Neymarın atası vəzifəsini qoruyacaq.

Yeni baş direktor klubun inzibati idarəçiliyi ilə yanaşı, gənc futbol istedadlarının axtarışı və inkişafı layihəsinə də rəhbərlik edəcək. O, həmçinin “Santos”un idman departamentinin qlobal inkişafı, marketinq siyasəti və yeni kommersiya layihələrinin həyata keçirilməsi ilə bağlı rəhbərliklə strateji əməkdaşlıq edəcək.

Qeyd edək ki, Braziliya çempionatının başa çatmasına 4 tur qalmış “Santos” turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. Neymar cari mövsümdə ölkə çempionatında 15 oyuna çıxıb və 8 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: