20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rui Jorje İraq yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün “Sumqayıt Arena”da baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Rui Jorje oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Təlim-məşq toplanışının gedişindən çox məmnunam. Futbolçularımız tələblərimizə müsbət cavab verirlər. Bütün komandadan razıyam. Əsas məqsədimiz gündən-günə daha da inkişaf etməkdir. Hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməyə çalışır.
O ki qaldı bu oyuna, birinci hissədə rəqibin qapısı qarşısında üç təhlükəli vəziyyət yaratdıq. Həmin epizodlarda daha dəqiq çıxış edə bilərdik. Bacardığımız qədər keyfiyyətli oyun ortaya qoymağa çalışdıq. Oyunboyu müdafiədə inamlı olduq. Hücum fazasında da artırmağa çalışırıq”.
Qeyd edək ki, U-20 millimiz İraq yığması ilə daha bir yoxlama oyunu keçirəcək. Növbəti oyun noyabrın 20-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Qarşılaşmaya saat 16:00-da start veriləcək.


