Futbol üzrə Türkiyə milli komandasının futbolçusu, 21 yaşlı yarımmüdafiəçi Arda Gülər İspaniyanın “Real” klubu ilə müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, İspaniya klubu 21 yaşlı futbolçu ilə yeni müqavilənin müddətini 30 iyun 2032-ci ilə qədər uzatdığını açıqlayıb.
Arda Gülər 2023-cü ilin iyulunda, 18 yaşında “Real”a keçib. Türkiyəli futbolçu paytaxt klubundakı dörd mövsümü ərzində 126 rəsmi oyunda meydana çıxıb və 5 titul qazanıb.
Gülərin “Real”la qazandığı kuboklar arasında 1 UEFA Çempionlar Liqası, 1 Klublararası Dünya Kuboku, 1 UEFA Super Kuboku, 1 İspaniya çempionluğu və 1 İspaniya Super Kuboku var.
Gülər cari mövsümdə də komandanın əsas futbolçularından birinə çevrilib. O, 2026/2027-ci illər mövsümündə indiyədək 14 matçda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Türkiyə millisinin üzvü olan yarımmüdafiəçi yığmanın heyətində 38 oyun keçirib.
Gülər “Real”a 2023-cü ildə “Fənərbağça”dan keçib. O zaman 18 yaşlı futbolçu Avropanın ən perspektivli gənclərindən biri hesab olunurdu. Madrid klubunda debütü isə zədə səbəbindən gecikib və ilk oyununu 2024-cü ilin yanvarında İspaniya Kral Kubokunda “Arandina”ya qarşı keçirib.
Arda Gülər 2025/2026-cı illər mövsümündə əsas heyətdə daha çox şans qazanaraq komandanın vacib oyunçularından birinə çevrilib. O, ötən mövsümü 51 matçda 6 qol və 14 məhsuldar ötürmə ilə başa vurub.
Türkiyəli futbolçu ötən mövsüm UEFA Çempionlar Liqasının ən yaxşı gənc futbolçusu mükafatına da layiq görülüb.


