“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 11-ci turunda “Nyukasl”la heç-heçə (2:2) etdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının ilk hissədə yüksək səviyyədə çıxış etdiyini, fasilədən sonra isə rəqibin oyuna qayıtmasına imkan verdiklərini bildirib:
“İlk hissədə hər şey qüsursuz idi – həm intensivlik, həm də qərarların aydınlığı baxımından. Futbolçular bir-biri ilə əla qarşılıqlı əlaqədə idilər və rəqibin təzyiqini o qədər inamla dəf edirdilər ki, fasiləyə iki-üç top fərqi ilə üstün yollanmalı idik.
Fasilədən sonra “Nyukasl” yenidən quruldu və biz imkanlarımızdan aşağı oynadıq. Qol buraxdıq və rəqibin özünə inanmasına şərait yaratdıq. “Nyukasl”ın standart vəziyyətlər zamanı nə qədər təhlükəli olduğunu bilirdik, amma yenə də qoldan qaça bilmədik.
Komandamın oyunun sonlarında göstərdiyi reaksiyanı bəyəndim. Lakin bu matçda 2 xal itirdik”, – deyə Arteta bildirib.


