“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 12-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Şamaxıda baş tutmuş görüşü paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Qalib gəldiyimiz üçün sevinirəm. “Araz-Naxçıvan” sonuncu pillədə olsa da, bu, onların öz yeri deyil. Nəzərə alaq ki, burada süni örtüklü meydançada oynayırdıq. Onlar burada daimi oynayırlar, biz isə yox. Bu mənada, bəzən topa nəzarətdə problem yaranırdı, futbolçular topu itirirdilər. Məni məyus edən hal odur ki, sonda bir qol buraxdıq. Biz hazırda turnir cədvəlində elə yerdəyik ki, belə qollar buraxmamalıyıq. Daha bir neçə qol vura bilərdik. Oyunu analiz edəcəyik, nəticələr çıxaracağıq. Azarkeşlərimizə təşəkkür edirəm. Hər zaman “Neftçi”nin yanındadırlar, bu gün də bizə yüksək səviyyədə azarkeşlik etdilər”.
Yuri Vernidub növbəti turda qarşılaşacaqları “Zirə” ilə matçdan da söhbət açıb:
“Növbəti oyunda da qalib gəlmək üçün maksimumuzu ortaya qoymalıyıq. Əsas gözləntimiz budur. Eyni istək onlarda da olacaq. Səbirslizklə bu oyunu gözləyirəm. İndidən bir söz demək istəmirəm. Gözləntim budur ki, yaxşı oynayacağıq və qalib gəlmək istəyəcəyik”.
“Araz-Naxçıvan”ın baş məşqçisi, Vernidubun həmyerlisi Yuri Maksimov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:
“Liderə qarşı oynadıq. Daha çox topla oynamağa çalışırdıq. Amma buraxılan birinci qol bizi sarsıtdı. Birinci hissədə hesabı bərabərləşdirməyi çox istəyirdik. İkinci hissədə yenə də qollar buraxdıq. Alınmadı. Aydın məsələdir ki, futbolu 11 nəfər oynamır. Bizim dəyişməli olduğumuz oyunçularımız da var idi, zədəlilərimiz oldu. Cavan oyunçulara da şans verdik. Aydın məsələdir ki, qollar buraxırıq. Amma yenə də yolumuza davam edirik.
Ağadadaş Salyanski “Neftçi”dən icarəyə gəldiyi üçün onlara qarşı oynamaq hüququna malik deyildi. Növbəti turda da Abdulla Rzayev “Sabah”a qarşı oynamayacaq. Çünki o da “Sabah”dan icarəyə götürülüb”.


