Antonio Verqara ciddi zədə aldı – “Sabah”la matçı buraxacaq

Futbol üzrə İtaliya A Seriaysında mübarizə aparan “Napoli” komandasının italiyalı hücumameyilli yarımmüdafiəçisi Antonio Verqara ciddi zədə alıb.

Arena.az bu barədə Neapol klubunun rəsmi saytına istinadən xəbər verir.

23 yaşlı futbolçu “Torino” ilə A Seriyasının 12-ci turunun oyununda zədələnib. Qarşılaşmanın 11-ci dəqiqəsində sol bud nahiyəsində ağrı hiss edən Verqara meydanı göz yaşları içində tərk edib və onun əvəzinə Kevin De Bröyne meydana daxil olub.

Bu gün tibbi müayinədən keçən futbolçunun sol budunun biseps femoris əzələsində yüksək dərəcəli yırtıq aşkarlanıb. “Napoli” Verqara üçün reabilitasiya prosesinin artıq başladığını açıqlayıb.

Klub futbolçunun dəqiq bərpa müddətini açıqlamayıb. İlkin qiymətləndirmələrə görə, Verqara ən azı 2-3 ay yaşıl meydanlardan uzaq qala və 2027-ci ildə sıraya qayıda bilər.

“Napoli” UEFA Çempionlar Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Sabah”ın rəqiblərindən biridir. Sözügedən komandalar gələn il yanvarın 20-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər. Qarşılaşmaya saat 21:45-də start veriləcək.

Xatırladaq ki, bu, Antonio Verqara üçün mövsüm ərzində ikinci ciddi əzələ problemidir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: