Futbol üzrə İngiltərə milli komandasının hücumçusu Dominik Kalvert-Lyuin Premyer Liqa təmsilçisi “Lids”lə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, Premyer Liqa klubu 29 yaşlı forvardın sözləşməsini 2029-cu ilin yayına qədər uzatdığını açıqlayıb. Yeni müqavilə 2,5 il müddətinə nəzərdə tutulub.
Kalvert-Lyuin 2025/2026-cı illər mövsümünün əvvəlində “Lids”ə qoşulub. O, Premyer Liqada debütünü “Nyukasl”a qarşı keçirib, ilk qolunu isə bundan iki oyun sonra “Vulverhempton”la səfər matçında vurub.
İngiltərəli futbolçu ötən mövsüm xüsusilə dekabr ayında parlaq çıxışı ilə diqqət çəkib. O, ardıcıl 6 oyunda qol vurub, “Kristal Pelas”la görüşdə dubl edib və Premyer Liqada ayın ən yaxşı futbolçusu seçilib. Bu, “Lids”in 2001-ci ildən bəri sözügedən mükafatı qazanan ilk futbolçusu olub.
Kalvert-Lyuin 2025/2026-cı illər mövsümünü bütün turnirlərdə 15 qolla başa vurub. “Lids” Premyer Liqada 14-cü yeri tutaraq elitadakı yerini qoruyub, həmçinin 39 ildən sonra ilk dəfə İngiltərə Kubokunda yarımfinala yüksəlib.
Bu mövsüm də məhsuldar çıxışını davam etdirən hücumçu “Brentford”, “Nyukasl”, “Mançester Yunayted” və “Çelsi” ilə oyunlarda fərqlənib. O, həmçinin “Tottenhem” və “Çelsi” ilə qarşılaşmalarda komanda yoldaşı Noa Okafora məhsuldar ötürmə verib.
Dominik Kalvert-Lyuin İngiltərə millisində 12 oyun keçirib və 2026-cı ilin noyabrında dünya çempionu İspaniyaya qarşı 3:2 hesablı qələbədə də iştirak edib.



