FİFA İtaliyanın “Spetsiya” klubuna transfer qadağası qoyub. Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə FİFA-dan kluba bu gün məktub daxil olduğu bildirilir. Dünyanın ali futbol qurumu “Spetsiya”ya 4 illik transfer qadağası qoyub. Bundan başqa, klub 500 min avro məbləğində cərimələnib. İtaliya təmsilçisi bu qərarı böyük təəccüblə qarşıladıqlarını açıqlayıb.
FİFA-nın belə sərt qərar verməsinə “Spetsiya”nın 18 yaşdan aşağı futbolçuların qeydiyyatı zamanı qaydaları pozması səbəb göstərilib. Lakin klub bu qayda pozuntusunun 2013-2018-ci illər aralığında, yəni əvvəlki rəhbərliyin dövründə baş verdiyini iddia edib və indiki rəhbərliklə heç bir əlaqəsinin olmadığını açıqlayıb. Hazırda oxşar problemlərin olmadığı vurğulanıb və “Spetsiya”nın qərardan şikayət edəcəyi bildirilib.
Qeyd edək ki, “Spetsiya” A Seriyasında ötən mövsümü 15-ci sırada bitirib. FİFA-nın bu kluba transfer qadağası 2022-ci ilin yanvarından etibarən qüvvəyə minəcək. Bir sözlə, İtaliya klubu bu yay heyətinə yeni futbolçular qata biləcək.


