İsveç yığmasının sabiq yarımmüdafiəçisi Cimmi Durmaz Türkiyənin “Qalatasaray” klubundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə 32 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. İsveçli vingerin yeni klubu da məlumdur. O, Super Liqanın digər təmsilçisi “Fatih Karagümrük”lə müqavilə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Cimmi Durmaz 2019-cu ildən “Qalatasaray”da çıxış edirdi. O, bu komandanın heyətində cəmi 17 matça çıxıb. Yarımmüdafiəçi ötən mövsümü də icarə əsasında məhz “Fatih Karagümrük”də keçirib. Cimmi bu komandada meydana çıxdığı 31 matçda 3 qola imza atıb.
İsveç milli komandasında 49 oyuna çıxan Cimmi, karyerası ərzində “Forvard”, “Malmö”, “Gənclərbirliyi”, “Olimpiakos” və “Tuluza”da da forma geyinib.


