Jerom Boatenq Lion “Olimpik”ini seçdi

Bu yay “Bayern”lə yollarını ayıran futbol üzrə Almaniya millisinin müdafiəçisi Jerom Boatenq karyerasını Fransada davam etdirəcək. Arena.az xəbər verir ki, 32 yaşlı futbolçu Lion “Olimpik”i ilə müqavilə bağlayıb.

Bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb. Tərəflər 2 illik müqaviləyə imza atıblar. Müdafiəçi yeni komandasına azad agent statusunda keçib.

2011-ci ildən “Bayern”də çıxış edən Jerom Boatenq, Münhen təmsilçisinin heyətində 364 matça çıxıb, 10 qol vurub. O, bu komandanın heyətində 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Təcrübəli müdafiəçi daha öncə “Herta”, “Hamburq” və “Mançester Siti” klublarının da formasını geyinib. 2009-2019-cu illər aralığında Almaniya yığmasında oynamış müdafiəçi, 2014-cü ildə dünya çempionu olub. Millidə 76 oyun keçirmiş futbolçu, 1 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: