Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam sona yaxınlaşır. Arena.az xəbər verir ki, altıncı yarış günündə son 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.
İntiqam Vəlizadə debütdə Fransa təmsilçisinə məğlub olub. Abubakr Abakarov isə səhhəti ilə bağlı problem yarandığı üçün ümumiyyətlə xalça üzərinə çıxmayıb.
Turan Bayramov startda Ukrayna idmançısına qalib gəlib. Lakin o, növbəti cəhdində Rusiya güləşçisinə uduzub.
Mübarizəyə 1/8 finaldan qoşulan Osman Nurməhəmmədov Moldova güləşçisi üzərində inamlı qələbə qazanıb. Millimizin üzvü Almaniya idmançısına da heç bir şans tanımayıb. Yarımfinalda İran pəhləvanından da güclü olan Osman adını finala yazdırıb. Həlledici görüş sabah – noyabrın 7-də baş tutacaq.
Sərbəst güləş yığmamız bu dünya çempionatında artıq iki medal qazanıb. 57 kq-da çıxış edən Əliabbas Rzazadə dünya çempionu olub. Zirəddin Bayramov (65 kq) isə mundialı bürünc medalla başa vurub. Azərbaycan millisinin bu mundialı üç medalla başa vuracağı dəqiqdir. Sadəcə, son gündə Osman Nurməhəmmədovun qızıl və ya gümüş medal qazanacağı maraq doğurur.
Dünya çempionatı
61 kq
Təsnifat: İntiqam Vəlizadə – Arman Eloyan (Fransa) 2:3
74 kq
Təsnifat: Turan Bayramov – Vadim Kirilenko (Ukrayna) 6:0
1/8 final: Turan Bayramov – Çermen Valiyev (Rusiya) 3:8
86 kq
Təsnifat: Abubakr Abakarov – Səccad Qulami (İran) -:+
92 kq
1/8 final: Osman Nurməhəmmədov – Andrian Qrosul (Moldova) 8:0
1/4 final: Osman Nurməhəmmədov – Yohannes Mayer (Almaniya) 7:0
1/2 final: Osman Nurməhəmmədov – Əmirhüseyn Firuzpurbandpey (İran) 10:7
Final: Osman Nurməhəmmədov – Azamat Zakuyev (Rusiya)


