İngiltərənin “Aston Villa” komandasının baş məşqçi Din Smit istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. İstefaya komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub.
Sözügedən komanda bu mövsüm keçirdiyi 11 oyunda topladığı 10 xalla 20 kollektiv arasında 16-cı pillədə qərarlaşıb. Cəmi 3 qələbə qazanmış “Aston Villa”, 1 dəfə də heç-heçəyə nail olub.
Din Smit 2018-ci ildən “Aston Villa”nı çalışdırırdı. O, bu komandanı 139 matça çıxarıb. Bu görüşlərdə 55 qələbə qazanan kollektiv 28 oyunda heç-heçəyə nail olub, 56 görüşdə isə məğlubiyyətə üzülüb.


