Futbol üzrə Portuqaliya yığmasının sabiq yarımmüdafiəçi Luis Naninin yeni klubu məlum olub. Arena.az xəbər verir ki, 35 yaşlı vinger bundan sonra İtaliyanın “Venesiya” komandasının uğurları üçün çalışacaq.
Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Azad agent statusuna malik futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
Nani son olaraq ABŞ-ın “Orlando Siti” komandasında çıxış edib. O, əvvəllər İtaliyada “Latsio”nun da uğurları üçün çalışıb. O, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Fənərbaxça” və “Valensiya” klublarının da formasını geyinib. Portuqaliya millisində 112 oyun keçirmiş Luis Naninin hesabında 24 qol var.


